Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağındakı yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb. Bu barədə BP şirkətindən məlumat verilib.
“Platformada ilk hasilat quyusunun qazılmasına dekabrın 4-də başlanılıb”, - deyə məlumatda bildirilir.
Quyunun dərinliyi 3188 metrədək olacaq və qazma işləri təxminən üç ay cəkəcək.
“Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək”, – deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Xəbər verildiyi kimi, 2023-cü ilin 9 ayı ərzində AÇG-dən 100 milyon barel neft (14 milyon ton) hasil edilib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 12,3% azdır.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək.
Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.
Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.*
R.Əhmədov