Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsindən Bakı ilə Vaşinqton arasında münasibətlərin əvvəlki səviyyəyə qayıdacağını eşitməyə ümid etdiyini bildirib.
«Bu gün vəziyyət belədir ki, Ermənistanla sülh sazişi üzrə vasitəçilik missiyası Aİ tərəfindən aparılır, digər istiqamət Moskvadır, həmçinin ABŞ da var”, - Əliyev çərşənbə günü Bakıda «Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda iştirakçıların suallarına cavabında bildirib.
“Vaşinqtonda görüş olub, lakin indi bu istiqamət kənarda qalıb, çünki hazırda Bakıda olan ABŞ Dövlət Departamentinin nümayəndəsi (ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms O`Brayen - İF) Azərbaycanla münasibətlərimizin əvvəllər olduğu kimi olmayacağını bildirib və Azərbaycana qarşı ittihamlar irəli sürüb. Əgər o belə bir bəyanat veribsə, bu o deməkdir ki, münasibətlər əvvəllər olduğu kimi bütün istiqamətlərdə olmayacaq. Biz bunu belə başa düşdük. O (O`Brayen - IF) bəyan edib ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri barəsində ABŞ-a səfər etmək üçün məhdudiyyətlər tətbiq ediləcək. Bu, ABŞ ilə münasibətlərimizin tarixində ilk dəfə idi. Ölkələrimiz arasında strateji əlaqələr var idi və bu Administrasiya onları heçə endirdi. Bunun səbəbini bilmirik. Biz dedik ki, əgər Azərbaycanın yüksək rütbəli şəxsləri ABŞ-a səfər edə bilmirsə, o zaman xarici işlər nazirimiz oraya necə gedəcək? Əgər (Ermənistanın xarici işlər naziri ilə - İF) ilə görüş təşkil olunarsa bunun necə olacağını izah edə bilərsinizmi?”, - Əliyev deyib.
Onun sözlərinə görə, əgər ABŞ münasibətlərin əvvəlki kimi olmayacağını söyləsə, belə çıxır ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilikdən uzaqlaşır. «Əgər onlar münasibətlərin əvvəlki kimi qalacağını söyləsələr və ümid edirəm ki, bu gün bunu eşidərik, biz Vaşinqton prosesini bərpa edə bilərik. Əgər bu baş verməsə, (sülh prosesində vasitəçilik üçün - İF) yalnız Brüssel və Moskva qalacaq”, - Azərbaycan prezidenti əlavə edib. **
B.Rüstəmbəyov