“Bank Respublika” ASC səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 500 min manat artırıb.
“İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından (BFB) verilən məlumata görə, 5-6 dekabr tarixlərində 500 min manat həcmində səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Beləliklə, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 0,68% - 73 milyon 961,99 min manata qədər artıb.
BFB-nin məlumatına görə, abunə yazılışı zamanı anderrayterə 4 investor tərəfindən 5 sifariş təqdim edilib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 2,45 manat olan 204,082 min ədəd səhmə bölünüb.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 000.9 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 000.9 manat təşkil edib”, - BFB-dən qeyd olunub.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) təmsil olunur. Bankın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun qohumlarıdır.**
X.Nəsirzadə