Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib. Görüşdə Bakı və Vaşinqton arasında əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin perspektivləri müzakirə olunub. Bu barədə XİN-dən məlumat verilib.
“Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub”, - XİN-in məlumatında deyilir.
Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb. Eyni zamanda, məlumatda qeyd olunur ki, görüş əsnasında “Bakı ilə İrəvan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin əhəmiyyəti diqqətə çatdırılıb”.
XİN-dən əlavə olunub ki, görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
İnformasiya şöbəsi