Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesi kifayət qədər mürəkkəb və uzunmüddətli olacaq, tərəflər prosesin institusionalizasiyasına dair razılığa gəliblər. Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib.
“Delimitasiya prosesi kifayət qədər mürəkkəb və uzunmüddətli olacaq. Bu aydın məsələdir. Prosesin sırf hüquqi əhəmiyyət kəsb edən sənədlər əsasında həyata keçirilməsinə dair qarşılıqlı anlayış var. Biz yalnız topoqrafik xəritələr əsasında çalışacağıq”, - Qriqoryan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsinə bildirib.
O, 1974-1979-cu illərin xəritələrini misal gətirib.
“Ermənistan və Azərbaycanın bu prosesi, bu prosesin mahiyyətini və fəaliyyət formasını eyni cür anlamaları mühüm amildir. Biz prosesin institusionalizasiyası haqqında fəaliyyət qaydasını təsdiq edəcəyimizə dair razılaşdıq”, - Qriqoryan qeyd edib.
O, həmçinin məlumat verib ki, Azərbaycan tərəfi ilə son görüş zamanı (noyabrın 30-da - İF) anklavlar məsələsi müzakirə olunmayıb. **