ABŞ dövlət katibi Antoni Blinken tezliklə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparmağa ümid edir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
O, ötən gün Bakıda baş tutan görüşün müsbət və konstruktiv olduğunu bildirib.
“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim. Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədri və energetika nazirinin səfərlərini alqışlayır, dövlət katibi Blinken isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovu və Ararat Mirzoyanı sülh danışıqları üçün tezliklə Vaşinqtonda qəbul etməyə ümid edir”, - deyə Ceyms O’Brayn bu gün “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.
Xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.*
R.Kərimov