Bakı və Bağdad Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Müvafiq razılaşma dekabrın 6-da Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası çərçivəsində keçirilmiş 1-ci İraq-Azərbaycan biznes forumunda əldə edilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. İraq-Azərbaycan biznes forumunda ikitərəfli iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.*
R.Kərimov