2023-cü ilin əvvəlindən Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yükdaşımalar 47% artıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Bakıda ADY sədri və “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyəti arasında görüş olub.
“İdxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549%, ixrac daşımalarda isə 331% artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yükdaşımalar 47% artıb”, - deyə Rüstəmov görüşdə bildirib.
ADY sədri Azərbaycanın genişlənməkdə olan nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmir yolu nəqliyyatı ilə yükdaşımaların artırılması istiqamətində atıla biləcək addımlardan söhbət açıb.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşınması, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində müzakirələr aparılıb.
Həmçinin hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzilbaşına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb.
Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanıb və tranzitin artırılmasına imkan yaradılıb.
Bundan başqa, ADY-də yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək məqsədilə marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün “ADY Smart” proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi üçün tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.*
B.Rüstəmbəyov