Baş nazir Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Nazirlər Kabinetinə istinadən bildirir.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd edilib. İqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edilib. Tərəflər 2022-ci ildə ticarət dövriyyəsinin həcminin 55%-dən çox artaraq 1 milyard ABŞ dollarını üstələdiyini vurğulayıblar.
Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirilib.
Tərəflər, həmçinin iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığı da müzakirə ediblər. Əsədov Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.
Eyni zamanda, iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. BP ilə həyata keçiriləcək Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsinin Azərbaycanın “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirilib.
Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər. Offord Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunun Böyük Britaniya hökuməti tərəfindən maraqla izləndiyini və dəstəkləndiyini diqqətə çatdırıb.
Tərəflər, həmçinin təhsil və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.*
X.Nəsirzadə