Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi ilə bağlı razılığı alqışlayır, tərəflər arasında sülh müqaviləsinin imzalanması səylərini dəstəkləməyə söz verir.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni hərbçisinin azad edilməsi barədə bəyanatını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək naminə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq”, - Dövlət Departamentinin bəyanatında qeyd edilir.
Bildirilir ki, “ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”.
Xəbər verildiyi kimi, cümə axşamı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Bakı və İrəvan etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa gəliblər. Bu tədbirlər çərçivəsində Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. **
R.Əhmədov