“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Əlicançay su anbarının tikintisi üçün “Körpü-Bina-Tikinti” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istiadən xəbər verir ki, şirkətlə 45 milyon 189,816 min manat dəyərində müvafiq müqavilə bağlanıb.
Bütün işlər 12 dekabr 2026-cı ilədək yerinə yetirilməlidir.
Azərbaycan prezidenti İlham Əliye 2023-cü ilin iyul ayında Oğuz və Şəki rayonlarının ərazisində Əlicançay su anbarının tikintisi haqqında sərəncam imzalayıb.
Layihə Şəki və Oğuz rayonlarının ərazisində ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olan Əlicançay su anbarının tikintisini nəzərdə tutur.
Əlicançay su anbarına yığılan su ilə Şəki və Qax rayonlarının ərazisində yaradılacaq Aqroparka məxsus ümumi sahəsi 40706 hektar, suvarma netto sahəsi 36635 hektar olan ərazidə mütərəqqi suvarma texnikası və texnologiyaları tətbiq edilməklə qoz, badam, fındıq və zeytun bağları suvarma suyu ilə təmin ediləcəkdir. Eyni zamanda Şəki rayonunun 12 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edilməsi də nəzərdə tutulur. **
B.Rüstəmbəyov