Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqa səfər çərçivəsində bu ölkənin bir sıra vəzifəli şəxsləri ilə görüşüb, görüşlərdə Bakı və Bağdad arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nəbiyev Facebook hesabında qeyd edib ki, İraqın Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüşüb. Görüş əsnasında iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. “Bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi apardıq”, - Nəbiyev yazıb.
O, həmçinin məlumat verib ki, İraqın tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşüb. Görüşdə tərəflər “Azərbaycan şirkətlərinin İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində fəal iştirakı müzakirə ediblər”.
Bundan başqa, Nəbiyev İraq baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşüb. “SOCAR ilə əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb», - nazir qeyd edib. **
X.Nəsirzadə