Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb.
«Fransa bilməlidir ki, bununla Ermənistana kömək etmir, əksinə zərər verir», - Ərdoğan cümə günü jurnalistlərə bildirib.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Ərdoğan qeyd edib ki, Fransa əvvəllər də Ermənistana böyük dəstək verib. "Hansı nəticə əldə edildi? Fransa Minsk qrupunun tərkibində idi. Onun işi başa çatıb, nəticə yoxdur, amma bu gün Fransa yenidən Ermənistanı təhrik edir. Zirehli nəqliyyat vasitələrinin (Bastion - IF) göndərilməsi nə verəcək? Heç bir şey. Çünki hazırda öz ərazilərinin işğalına son qoyan Azərbaycan var. Qarabağda yekun göz qarşısındadır. Bu döyüş maşınlarının göndərilməsi nə verəcək? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçib. Onlar sadəcə Ermənistanı aldadırlar. Erməni hakimiyyəti son təcrübələrindən dərs almalı və bu təxribatlara boyun əyməməlidir", - Anadolu agentliyi Ərdoğanın sözlərindən sitat gətirir.
O vurğulayıb ki, «sülhün bərqərar olması üçün fürsətdən istifadə etmək və onu yanıltan ölkələrin tələsinə düşməmək Ermənistanın maraqlarındadır».
Ərdoğan əlavə edib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün ən yaxşı variantdır.
Türkiyə lideri bu gün Ermənistanı silahlandıran ölkələrin tezliklə «onu tək buraxacağına» əminliyini bildirib. **
R.Əhmədov