Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbir zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib.
“Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, eləcə də ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib”, - məlumatda deyilir.
İclasda çıxış edən Həsənov şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir Ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib”, - məlumatda vurğulanır.
Həsənov qış mövsümündə əsas diqqətin dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminatına yönəldilməsi, yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
“Sonda müdafiə naziri bölmələrin döyüş hazırlığı və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tələblərini iştirakçılara çatdırıb”, - məlumatda qeyd olunur. **
V.Əliyev