Azərbaycan gələcəkdə qazla təchiz etdiyi Avropa ölkələrinin sayını genişləndirməyi planlaşdırır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”, - Əliyev bazar günü Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır. “10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”, - o əlavə edib.
Hazırda Azərbaycan Avropada İtaliya, Yunanıstan, Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz tədarük edir. 2024-cü ildə Serbiyaya tədarük başlayacaq. Bundan başqa, bir sıra Avropa ölkələri Azərbaycan qazını almaqda maraqlıdır. **
A.Əzizov