Energetika naziri Pərviz Şahbazov Bakıda “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Çiao Subinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə Azərbaycanla Çin arasında dostluq münasibətlərinin enerji əməkdaşlığı üzrə inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, bu ilin iyun ayında Energetika Nazirliyi ilə “China Gezhouba Group” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub”, - deyə Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, “yaşıl enerji”nin inkişafı, daxili istehlak və ixrac məqsədli külək və günəş enerjisi üzrə istehsal güclərinin, həmçinin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin yaradılması Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.
“Bu layihələr bərpa olunan enerji sahəsində geniş əməkdaşlığı təşviq edir və ölkəmiz Çin şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığının qurulmasında maraqlıdır”, - deyə məlumatda vurğulanır.
Tərəflər, həmçinin “China Energy International Group Co. Ltd” şirkəti ilə enerji saxlanc sistemləri, “yaşıl hidrogen”in istehsalı və ixracı, qabaqcıl ötürücü və paylayıcı şəbəkə texnologiyaları və digər prioritet istiqamətlər üzrə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər. “Müəyyənləşdirilən layihələrlə bağlı fəaliyyətin sürətləndirilməsi tövsiyə edilib”, - deyə nazirlikdən qeyd olunub.*
B.Rüstəmbəyov