2023-cü ilin yanvar-noyabr ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 140,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
“2023-cü ilin 11 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara 140,288 milyon manat ƏDV məbləği geri qaytarılıb”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala bilərlər.
ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 5%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 17,5%-ni təşkil edir.*
B.Rüstəmbəyov