2023-cü ilin noyabr ayında Azərbaycanda deflyasiya oktyabr ayında qeydə alınmış 0,4% səviyyəsində inflyasiyaya qarşı 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Noyabrda respublikada deflyasiya 0,2% təşkil edib. Ərzaq məhsulları və içkilərin qiymətləri 0,4% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb”, - deyə məlumatda bildirilir.
2022-ci ilin noyabr ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə inflyasiya 2,6% təşkil edib. Cari ilin noyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 1,5%, qeyri-ərzaq malları 3,1%, xidmətlər 4% bahalaşıb.
Statistik məlumatlara görə, noyabrda çörək, çörək məmulatları və yarmalar 0,4%, ət və ət məhsulları 1,1%, balıq və balıq məhsulları 0,9%, kərə və bitki yağları 0,1%, meyvələr 1%, tərəvəzlər isə 0,3% ucuzlaşıb.
Noyabrda yumurta 1,9%, süd və süd məhsulları 0,2%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2%, şəkər, cem, bal, şokolad və konfetlər 0,2% bahalaşıb.
Noyabrda çay, qəhvə, kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində inflyasiya qeydə alınmayıb.
2023-cü il noyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 9,4% (oktyabr ayının sonuna 10,2%) təşkil edib. Ərzaq malları üzrə orta illik inflyasiya 10,4%, qeyri-ərzaq malları üzrə 8,9%, xidmətlər üzrə 8,6% səviyyəsində olub.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 9,5% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.*
N.Abbasova