ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyduqdan sonra sözügedən sənəd dekabrın 12-də BMT Baş Assambleyasında müzakirə ediləcək. Bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
“Təəssüf ki, ABŞ bu təklifə veto qoydu (...), buna görə də bu məsələ Baş Assambleyada müzakirə ediləcək”, - deyə Borrell bildirib.
O xatırladıb ki, İsrailə Qəzza zolağının şimalında tətbiq etdiyi hərbi taktikadan anklavın cənubunda istifadə etməməsi ilə bağlı dəfələrlə çağırış edilib. Lakin vəziyyət dəyişməyib, hətta daha da pisləşib və anklavdakı günahsız mülki şəxslər arasında qurbanların sayı artmaqda davam edir.
Cümə günü ABŞ BMT TŞ-də Qəzza zolağında dərhal atəşkəsin elan edilməsi ilə bağlı qətnaməyə veto qoyub. BƏƏ tərəfindən hazırlanmış sənədi 24 saat ərzində BMT-nin 97 ölkəsi dəstəkləyib. BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı 13 ölkə sənədin “lehinə” səs verib, Böyük Britaniya bitərəf qalıb, ABŞ isə veto hüququnu tətbiq edib.*