Bakı Aİ ilə strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların başa çatdırılmasında maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
"Azərbaycan Aİ ilə yeni strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqların davam etdirilməsində və başa çatdırılmasında maraqlıdır. İrəliləyiş və uğurlu nəticə hər iki tərəfdən xoş niyyət və güzəşt tələb edir", - Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
Sənəd 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır. Daha əvvəl verilən məlumata görə, yeni saziş layihəsinin mətninin 90%-dən çox hissəsi razılaşdırılıb.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.**
B.Rüstəmbəyov