Azərbaycan prezidenti İlham Əliyev “X” hesabında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyini dəstəkləyən ölkələrə təşəkkürünü bildirib.
“Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik”, - Əliyev yazıb.
Prezident vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür.
“Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır”, - dövlət başçısı vurğulayıb.
Əliyev qeyd edi ki, COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməyi “iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir”.
Xəbər verildiyi kimi, COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP28-in dekabrın 11-də keçirilən plenar iclasında COP29-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib. **
X.Nəsirzadə