Rusiya Federasiyası hökuməti yumurta idxalının gömrük rüsumundan azad edilməsini konseptual olaraq təsdiq edib, Kənd Təsərrüfatı Nazirliyi bir ay ərzində vəziyyəti sabitləşdirməyə ümid edir. Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Rusiyanın Sənaye və Ticarət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yumurtanın qiymətinin sabitləşdirilməsi ilə bağlı müşavirələrində iştirak edən mənbə bildirib ki, hökumətin məqsədi daxili bazarda qiymətlərin aşağı salınması üçün kifayət qədər təklif yaratmaqdır.
İqtisadi İnkişaf Nazirliyindən bildiriblər ki, hazırda ərzaqlıq yumurtanın gömrük idxal rüsumu məhsulun dəyərinin 15%-ni təşkil edir. Güzəştlər 2024-cü il yanvarın 1-dən 2024-cü il iyunun 30-na qədər qüvvədə olacaq, təchizatçılar 1,2 milyard ədəd yumurta idxal edə biləcəklər.
RF Kənd Təsərrüfatı Nazirliyndən qeyd olunub ki, toyuq yumurtası idxalının gömrük rüsumundan tam azad edilməsi qərarı daxili bazarı təmin etmək üçün operativ tədbirdir. Artıq dost dövlətlərlə bu məhsulların tədarük həcminin artırılması ilə bağlı danışıqlar gedir: bu həftənin sonuna qədər Azərbaycandan, yaxın vaxtlarda isə Türkiyədən Rusiyaya ilk yumurta partiyaları daxil olacaq. Bu isə artıq yaxın bir ayda qiymət dinamikasını sabitləşdirməyə imkan verəcək.*