Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarında qaz ixracını 9% - 22,05 milyard kubmetrə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Avropaya 10,85 milyard kubmetr (Azərbaycandan bütün ixracın 49%-i), Türkiyəyə 8,7 milyard kubmetr (bütün ixracın 40%-i), Gürcüstana 2,5 milyard kubmetr (bütün ixracın 11%-i) Azərbaycan qazı ixrac edilib. Hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 5,1 milyard kubmetr qaz nəql olunub.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır. 2024-cü ildə Serbiyaya ixraca başlanılacaq. Bundan başqa, daha bir neçə Avropa ölkəsi Azərbaycan qazını almaqda maraqlı olduğunu bildirib.*
N.Abbasova