2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 44 milyard kubmetr təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5 milyard kubmetr və ya 3,6% çoxdur”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə “Şahdəniz” yatağından 24 milyard kubmetr qaz (artım 4,3%), “Abşeron” yatağından 0,6 milyard kubmetr təbii qaz, “Azəri-Çıraq-Günəşli” blokundan 11,7 milyard kubmetr səmt qazı (azalma 4,1% - İF), SOCAR üzrə 7,7 milyard kubmetr qaz (artım 5,5% - İF) hasil olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr səmt qazı, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova