Energetika Nazirliyinin 2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlarına əsasən, 11 ay ərzində Azərbaycanda 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,4% azdır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, hesabat dövründə respublika üzrə neft hasilatının 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun (azalma 12,3% - İF) payına düşüb ki, bu da 2023-cü ilin 11 ayı ərzində Azərbaycan üzrə bütün hasilatın 59,4%-ni təşkil edir.
2023-cü ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından 3,9 milyon ton kondensat (azalma 2,5% - İF), SOCAR üzrə 7,1 milyon ton neft (kondensatla birlikdə, bütün neft hasilatının 25,7%-i, 2022-ci ilin 11 ayının göstəricisi səviyyəsində qalıb – İF), “Abşeron” yatağından 0,24 milyon ton kondensat hasil edilib.
Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 3,8%). Bunun 2,9 milyon tonu konsorsiumun (artım 2,2 dəfə - İF), təxminən 20,2 milyon tonu isə SOCAR-ın (azalma 11% - İF) payına düşür.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-noyabr ayları üzrə 6 milyon ton (artım 5,3%) təşkil edib.
Nazirlikdən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək blokdan 627,4 milyon ton neft, “Şahdəniz”dən isə 44,1 milyon ton kondensat çıxarılıb ki, bunun da 625,4 milyon tondan çoxu ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova