2023-cü ilin yanvar-noyabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə 211 milyon manat ödəniş olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Cümə axşamı Əliyev mətbuat konfransıda məlumat verib ki, 2022-ci ilin yekunları üzrə özəl tibb müəssisələrinə 90 milyon manatdan çox ödəniş olub. Beləliklə, cari ilin 11 ayı ərzində bu göstərici 2 dəfədən çox artıb.
O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib. “Bu xidmətə əlçatanlığın göstəricisidir”, - Əliyev deyib.
Onun sözlərinə görə, özəl klinikalarda ən çox icra olunan əməliyyat və prosedurlar isə ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub.
Agentiyin sədri Azərbaycanın azad edilmiş ərazilərində yaşayan vətəndaşlara xidmətlərin göstərilməsinə toxunaraq bildirib ki, 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb. “2024-cü ildə Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub”,- Əliyev əlavə edib. **
B.Rüstəmbəyov