Azərbaycanın baş naziri Əli Əsədov cümə axşamı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”ni təsdiqləyib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verlib ki, reqlamentə görə, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri komissiyaların sədrləri arasında razılaşma ilə müəyyən olunur.
Qərara əsasən, iclaslar və birgə işçi görüşlər komissiyaların sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərində və ya Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçirilir.
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkənin sərhədində keçirilən görüşdə delimitasiya məsələləri üzrə komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsi barədə razılığa gəliblər. **
R.Əhmədov