“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 5 il müddətinə $50 milyon dəyərində istiqraz yerləşdirməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir ki, emissiya bir qiymətli kağızın nominal dəyəri $1000 olan 50 min ədəd istiqraza bölünüb.
İstiqrazların illik gəlirliliyi 6%-dir. Faiz ödənişləri 6 aydan bir olmaqla ödəniləcək.
İstiqrazların yerləşdirilməsindən əldə olunan vəsait beynəlxalq sularda istismar üçün iri tankerlərin alınmasına yönəldiləcək.
QSC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi planlaşdırılır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, 2023-cü il martın 3-də Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin $100 milyon məbləğində beşillik istiqrazlarının debüt yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilib. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $113 milyon 997 min, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi $100 milyon təşkil edib. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1000 olan 100 min ədəd səhmə bölünüb. İstiqrazın illik faiz dərəcəsi 6%-dir, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödəniləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin (Alfamax, Handysize və s.) alınmasına yönəldiləcək.*
R.Əhmədov