2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 372,23 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 577,86 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin 9 ayı ərzində birbaşa xarici investisiyaların həcmi 4,5% azalıb.
I rübdə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 501,469 milyon, II rübdə $1 milyard 478,057 milyon, III rübdə isə $1 milyard 392,704 milyon təşkil edib.
Tədiyə balansı göstəricilərinə əsasən, birbaşa xarici investisiyaların 79,2%-i (2022-ci ilin yanvar-sentyabr aylarında 69,8%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $910,9 milyon (azalma 35,7%), xüsusi çəkisi 20,8% (2022-ci ilin yanvar-sentyabr aylarında 30,2%) təşkil edib.
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($1 milyard 367,949 milyon, artım 8,1%), Türkiyə ($872,902 milyon, artım 16,1%), Kipr ($593,017 milyon, azalma 4,1%), İran ($295,9 milyon, artım 15,5%) və RF ($294,470 milyon, azalma 22%) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($193,852 milyon), Macarıstan ($143,599 milyon), ABŞ ($122,591 milyon), Norveç ($110,631 milyon) və Niderland ($100,013 milyon) da daxildir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2021-ci illə müqayisədə 30,9% artaraq $6,27 milyard təşkil edib.*
A.Əzizov