Fransanın siyasi rəhbərliyi Cənubi Qafqazda yeni reallıqlarla barışmağa məcbur olacaqlar. Bunu Prezident İlham Əliyev deyib.
“Antiterror əməliyyatından (2023-cü ilin sentyabr ayında – İF) sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir”, - deyə dövlət başçısı dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsinə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, bəzi Qərb ölkələri və ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil.
“Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”, - deyə İ.Əliyev əlavə edib.*
R.Əhmədov