Prezident İlham Əliyev 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində 10 minlərlə xarici nümayəndə və qonağın Azərbaycana gələcəyini gözləyir.
“COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”, - deyə dövlət başçısı dekabrın 15-də COP29-un gələn il Azərbaycanda keçirilməsinə həsr olunmuş müşavirədə bildirib.
O, COP29-un Azərbaycanda keçirilməsi qərarını böyük uğur adlandırıb. “Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi”, - deyə İ.Əliyev vurğulayıb.
O hesab edir ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir.
“Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”, - deyə prezident qeyd edib.
Dövlət başçısı Azərbaycanda COP29 beynəlxalq konfransının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib və “bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”.
“Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə İ.Əliyev bəyan edib.
Azərbaycanda COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.*
R.Kərimov