2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $2 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 49,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə turizm xidmətləri üzrə idxal $0,9 milyard, ixrac isə $1,1 milyard təşkil edib. Beləliklə, turizm xidmətləri balansında $241 milyon həcmində profisit yaranıb”, - deyə AMB-dən cari ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansına istinadən qeyd ediblər.
AMB-nin Statistika Departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə bildirib ki, turizm xidmətləri balansının profisiti Azərbaycana turist axınının artması ilə əlaqədardır.
“Ölkəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% artaraq 1,535 milyon nəfər təşkil edib ki, bu da xidmətlər balansının kəsirinin azalmasında mühüm amil olub”, - deyə S.Nəsirov qeyd edib.
Hesabat dövründə xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $0,9 milyard təşkil edib. Bunun 73,8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
2022-ci ildə turizm xidmətləri balansının kəsiri $69,4 milyon təşkil edib.*
X.Nəsirzadə