Bakı Azərbaycan və Ermənistan arasında sülh prosesini irəlilətməkdə qərarlıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 15-də videokonfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxışı zamanı deyib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran C.Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib.
“Nazir ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğunu bir daha vurğulayıb”, - deyə məlumatda bildirilir.*
R.Kərimov