2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3,079 min ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 69,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261, martda 469 (2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstərici – İF), apreldə 334, mayda 323, iyunda 162, iyulda 122, avqustda 76 (2023-cü ilin əvvəlindən ən aşağı aylıq göstərici – İF), sentyabrda 168, oktyabrda 266, noyabrda 703 ədəd (2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstərici – İF) avtomobil istehsal edilib.
1 dekabr 2023-cü il tarixinə anbarlarda 859 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Yanvar-noyabr aylarında Azərbaycanda 619 ədəd traktor (artım 11,3%) istehsal edilib. 2023-cü il dekabrın 1-nə anbarlarda 11 ədəd traktor var.
Bundan başqa, yanvar-noyabr aylarında 315 ədəd yük avtomobili (artım 6,4%) istehsal edilib. 2023-cü il dekabrın 1-nə anbarlarda 1 ədəd yük avtomobili var.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda avtomobil istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.*
B.Rüstəmbəyov