Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarının yekunları üzrə İtaliyaya neftin ən iri tədarükçüsü statusunu qoruyub.
“İnterfaks-Azərbaycan” agentliyi İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 9,6 milyon ton neft tədarük edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,7% çoxdur.
Hesabat dövründə İtaliya “Azeri Light” markalı neftin idxalını 29,4% - 6,6 milyon tona qədər, “Azeri Blend” markalı neftin idxalını isə 15,4% - 3 milyon tona qədər artırıb.
Yanvar-oktyabr aylarında İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% azalaraq 51 milyon ton təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 10 ay ərzində İtaliyaya neft tədarükündə Azərbaycanın payı 18,8% təşkil edib.
Hesabat dövründə İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Azərbaycan (9,6 milyon ton), Liviya (8,7 milyon ton), ABŞ (6,4 milyon ton), İraq (5,9 milyon ton) və Qazaxıstan (5,5 milyon ton) daxil olub.
Rusiya yanvar-oktyabr aylarında İtaliyaya neft tədarük etməyib.
2023-cü ilin oktyabr ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik hesablamada 21,1% - 947 min tona qədər artıb. İtaliya 2022-ci ilin oktyabr ayı ilə müqayisədə “Azeri Light” markalı neftin idxalını 2,6% - 710 min tona qədər, “Azeri Blend” markalı neftin idxalını 2,6 dəfə - 237 min tona qədər artırıb.
Oktyabrda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 5,5 milyon ton təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bununla da oktyabr ayında İtaliyaya neft tədarükündə Azərbaycanın payı 17,2% təşkil edib.
Oktyabrda İtaliyaya neftin əsas tədarükçülərinin üçlüyünə Liviya (1 milyon ton), Azərbaycan (947 min ton) və Qazaxıstan (719 min ton) daxil olub.
Yanvar-oktyabr aylarında “Azeri Light” markalı neftin bir bareli $89,22-yə (azalma 18,5%), “Azeri Blend” markalı neftin bir bareli $87,03-ə (azalma 23,8%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $82,36 və $84,52-yə alınıb.
Yanvar-oktyabr aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,53 (azalma 16,5%) təşkil edib. Ən bahalı neft növü “Qua Iboe” (N.LIGHT. BBQ) ($105,73), ən ucuz neft növü isə “Sarir” ($55,4) olub.
Oktyabrda “Azeri Light” markalı neftin bir bareli $98,38-ə (azalma 3,6%), “Azeri Blend” markalı neftin bir bareli $91,98-ə (azalma 10%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $91,56 və $95,71-ə alınıb.
Oktyabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $95,28 (artım 2,3%) təşkil edib. Ən bahalı neft növü “Qua Iboe” (N.LIGHT. BBQ) ($105,73), ən ucuz neft növü isə “Patos Marinza” nefti ($82,18) olub.*
R.Kərimov