OPEC Fondu (OPEC Fund) Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının inşasına $50 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi fondun məlumatına istinadən xəbər verir ki, borcalan qismində sözügedən layihənin həyata keçirilməsi üçün yaradılmış “ACWA Power Azerbaijan Renewable Energy Limited Liability Company” çıxış edir.
Xəbər verildiyi kimi, “ACWA Power” şirkəti (Səudiyyə Ərəbistanı) 2025-ci ildə Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasını istismara verəcək.
Elektrik stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də keçirilib.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri $300 milyon, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ilin oktyabr ayında bu layihənin həyata keçirilməsi üçün $197,1 milyon (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kreditin təşkil edilməsi ilə bağlı məlumat yayıb.*
R.Əhmədov