Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Voronej vilayətinə səfəri çərçivəsində regionun qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Sergey Truxaçyovla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi region rəhbərinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Görüşdə səfir vurğulayıb ki, səfərinin məqsədi Azərbaycan Respublikası ilə Voronej vilayəti arasında ixrac-idxal əməliyyatlarının artırılması, habelə biznes nümayəndələrinin müstəqil şəkildə işləmələri üçün imkanların yaradılması ilə bağlı məsələlərin müzakirə edilməsidir. “Voronej sahibkarlarının və iş adamlarının müəssisələrlə tanış olmaları və daha fəal əməkdaşlıq qurmaları üçün 2024-cü ildə Azərbaycana səfərinin təşkil edilməsini təklif edirəm. Azərbaycan Voronej vilayətinə ixracı mümkün olan geniş mal nomenklaturasına malikdir. Azərbaycan isə Voronej vilayətindən buğda və digər kənd təsərrüfatı məhsulları almaqda maraqlıdır”, - deyə Bülbüloğlu bildirib.
“Biz bütün sahələrdə, o cümlədən sənayenin inkişafı sahəsində əməkdaşlıq etməyə hazırıq və hesab edirəm ki, burada da böyük potensialımız var. Bundan başqa, əminəm ki, turizmin və mədəni-humanitar əməkdaşlığın inkişafı üçün əlavə ehtiyatlar var”, - deyə Truxaçyov qeyd edib.
Voronej vilayətinin iqtisadi inkişaf naziri Danil Kustov bildirib ki, Azərbaycanla region arasında əməkdaşlıq üçün perspektivli istiqamətlər artıq müəyyənləşdirilib. Bunlar Voronej vilayətindən kənd təsərrüfatı avadanlıqlarının ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının mübadiləsidir.
Azərbaycan nümayəndə heyəti cümə günü Voronej Dövlət Universitetində Heydər Əliyev adına Türk Dilləri və Mədəniyyəti Mərkəzinin açılışında da iştirak edib.
Truxaçyov qeyd edib ki, bu mərkəz Voronej vilayəti ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə təkan verəcək.*
R.Əhmədov