Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi suveren fondu (ADQ) $1 milyard dəyərində birgə investisiya platformasının yaradılması barədə razılığa gəlib.
Dekabrın 15-də Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında birgə sərmayə çərçivə razılaşması imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi ADQ-nin məlumatına istinadən xəbər verir ki, tərəflərin hər biri birgə müəssisədə 50% paya malik olacaq və bunun üçün ayrı-ayrılıqda $500 milyon ayıracaq.
“Birgə platforma kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu kimi qarşılıqlı prioritet və maraq kəsb edən sektorlara investisiya qoyuluşunu hədəfləyib”, - deyə məlumatda bildirilir.
İnvestisiyaların əsasən Azərbaycan, BƏƏ və Mərkəzi Asiyada cəmləşdirilməsi, eləcə də digər ölkələrə yönəldilməsi planlaşdırılır.*
R.Əhmədov