İsrail hərbi kabinetində HƏMAS qruplaşması ilə girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsinin mümkünlüyü məsələsi müzakirə olunur. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
“The Jerusalem Post” nəşri yazır ki, bu məsələ İsrail kəşfiyyat xidmətinin (“Mossad”) rəhbəri David Barnea və Qətərin baş naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani arasında Norveçdə aparılan danışıqlarda müzakirə olunur.
Sövdələşmədə İsrail həbsxanalarında saxlanılan yüksək vəzifəli fələstinli məhbusların azad edilməsi müqabilində yaşlı kişilərin və mülki şəxslərin azadlığa buraxılması nəzərdə tutula bilər.
Misir təhlükəsizlik xidmətində hesab edirlər ki, İsrail rəsmiləri vasitəçilərlə danışıqlar zamanı Qəzzada atəşkəslə bağlı yeni sazişin bağlanmasına və girovların azad edilməsi qarşılığında fələstinli məhbusların azadlığa buraxılmasına hazır olduqlarını bildiriblər.
“The Times of Israel” xəbər verir ki, HƏMAS isə “xalqımıza qarşı təcavüzə birdəfəlik son qoyulmayanadək” Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı yeni sövdələşməyə razı olmayacağı barədə bəyanat yayıb.
HƏMAS öz mövqeyini vasitəçilərin diqqətinə çatdırıb.*