2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8% - 12 milyon 307,7 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmində 10 milyon 190,4 min ton və ya 82,8% beynəlxalq tranzit yüklərin, 17,2% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 2,8% artıb.
2023-cü il dekabrın 1-nə Azərbaycanın limanlarında 405,7 min ton yük qalıb.
2022-ci ildə dəniz limanlarında 11 milyon 750,6 min ton həcmində yükləmə-boşaltma işləri (artım 32,4%) həyata keçirilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.**
N.Abbasova