Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarında dünya bazarlarına 2 min 773,28 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $118 milyon 711,56 min (azalma 17%) təşkil edib.
Yanvar-oktyabr aylarında ixracın bütün həcmi İsveçrənin payına düşüb.
2022-ci ildə Azərbaycan dünya bazarlarına $185 milyon 249,68 min dəyərində (azalma 8,5%) 5 min 482,68 kq qızıl (2021-ci illə müqayisədə azalma 9,9%) ixrac edib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.**
N.Abbasova