Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 1,5 milyon manat ayrılır.
İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə vəsait “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İqtisadiyyat Nazirliyinə avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb. **
B.Rüstəmbəyov