Goranboy və Şəmkir rayonlarında Aqrar Sığorta Fondunun (ASF) yeni filialları fəaliyyətə başlayıb.Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
“Yeni filiallarda fermerlər aqrar sığorta barədə məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər”, - Fonddan qeyd olunub.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, Goranboy filialı Gəncə-Daşkəsən regionuna daxil olan rayonlarda, Şəmkir filialı – Gəncə-Qazax rayonlarında əhaliyə aqrar sığorta xidmətləri göstərəcək.
Beləliklə, Aqrar Sığorta Fondunun regional filialarının sayı 6-ya çatıb.
Sadıqov həmçinin vurğulayıb ki, Aqrar Sığorta Fondu sığorta halları üzrə 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat ödəniş edib. 2023-cü ildə isə bu məbləğin 6 milyon manata çatacağı gözlənilir. Artıq zərərlə üzləşmiş sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib.**
X.Nəsirzadə