Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Cibuti Respublikasına səfəri çərçivəsində bu ölkənin XİN Baş katibi Mohammad Ali Hasan ilə siyasi məsləhətləşmələrin ilk raundunu keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan XİN-ə istinadən xəbər verir.
“Görüşlərdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub”, - məlumatda deyilir.
Tərəflər həm ikitərəfli əsasda, həm də çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu ediblər.
Azərbaycan və Cibuti nümayəndə heyətləri ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi, xüsusilə də iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan və Cibuti arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini və parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
“Siyasi məsləhətləşmələrin növbəti raundunun gələn il Bakı şəhərində təşkil edilməsi razılaşdırılıb”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə