2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 952 milyon 67,09 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 21% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,35%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $1 milyard 83 milyon 642,63 min dəyərində (artım 26,1%) məhsul ixrac edilib. Bütövlükdə, Azərbaycandan ixracın 3,44%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 5-ci yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana $2 milyard 868 milyon 424,46 min dəyərində (artım 19,3%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 18,4% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana №1 idxalçıdır).
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 784 milyon 781,83 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.**
B.Rüstəmbəyov