İtaliya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft idxalına çəkdiyi xərci ötən ilin eyni dövrünə nisbətən 1,4% - təxminən $6,4 milyarda qədər azaldıb.
Neft bazarındakı mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə İtaliya $4,4 milyarda yaxın məbləğdə “Azeri Light” (artım 4,9%) və $2 milyarda yaxın məbləğdə “Azeri Blend” markalı neft (azalma 13,1%) idxal edib.
2023-cü ilin oktyabr ayında İtaliya Azərbaycandan təxminən $684,2 milyon məbləğində neft (artım 14,6%) – təqribən $519,6 milyon məbləğində “Azeri Light” (azalma 1,5%) və $164,6 milyona yaxın məbləğdə “Azeri Blend” markalı neft (artım 2,4 dəfə) idxal edib.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-oktyabr aylarının yekunları üzrə Azərbaycan İtaliyaya neftin ən iri tədarükçüsü olaraq qalıb. Yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 9,6 milyon ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,7% çoxdur.
10 ay ərzində İtaliya “Azeri Light” markalı neftin idxalını 29,4% - 6,6 milyon tona qədər, “Azeri Blend” markalı neftin idxalını isə 15,4% - 3 milyon tona qədər artırıb.
Hesabat dövründə “Azeri Light” markalı neftin bir bareli $89,22-yə (azalma 18,5%), “Azeri Blend” markalı neftin bir bareli $87,03-ə (azalma 23,8%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı neft növləri isə müvafiq olaraq $82,36 və $84,52-yə alınıb.
Yanvar-oktyabr aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85,53 (azalma 16,5%) təşkil edib. Ən bahalı neft növü “Qua Iboe” (N.LIGHT. BBQ) ($105,73), ən ucuz neft növü isə “Sarir” nefti ($55,4) olub.*
R.Kərimov