Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar Türkiyənin üzvlüyü ilə bağlı danışıqlar kimi qeyri-müəyyən müddətə uzanacaq. Qərb KİV-nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu ölkələrə namizəd statusunun verilməsi onların Aİ-yə üzv olacağı demək deyil. Proses başlayacaq və daha sonra dalana dirənəcək”, - deyə Ərdoğan bildirib.
“Bu ölkələrin heç biri Türkiyə deyil. 2005-ci ildən Aİ üzvlüyünə namizəd olan Türkiyənin strateji və iqtisadi potensialı ona Avropa İttifaqına daxil olmaq hüququ versə də, siyasi maneələr buna imkan vermədi”, - deyə Türkiyə Prezidenti qeyd edib.
O vurğulayıb ki, Türkiyənin Aİ-yə üzv olan bəzi ölkələrlə müqayisədə üzvlük meyarlarına daha çox cavab verməsinə baxmayaraq, Ankaranı illərlə gözləməyə məcbur ediblər. “Aİ bu səhvdən əl çəkməlidir”, - deyə Ərdoğan bildirib.
Dekabrın 14-də Avropa İttifaqı ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqların başlaması barədə qərar qəbul edib.*