“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Pekin-Bakı istiqamətində birbaşa reyslər yerinə yetirməyə başlayıb.
«İlk reys çərşənbə axşamı həyata keçirilib. AZAL-ın təyyarəsi dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib”, - şirkətin məlumatında deyilir.
AZAL-ın məlumatına görə, reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.
Xəbər verildiyi kimi, Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. **
N.Abbasova