Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çərşənbə günü keçirilən görüşdə Bakı ilə Ankara arasında nəqliyyat və su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklərin həcminin 35% artdığı bildirilib.
“Baş nazir Əsədov qeyd edib ki, nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunub. O əlavə edib ki, Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlər tətbiq edilib”, - Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, tərəflər həmçinin qeyd ediblər ki, Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
O cümlədən, tərəflər ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.
“Xüsusilə, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb. Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb”, - məlumatda deyilir.
Əsədov və Yılmaz Türkiyə şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakını məmnunluqla qeyd ediblər.
“Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda deyilir. **
N.Abbasova