Keçmiş məcburi köçkünlərin Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksinə köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
A.Kərimov Prezident İlham Əliyevə yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi barədə məlumat verib.
O bildirib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.
Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək.*
R.Kərimov